TBİLİSİ, 27 fevral. TELEQRAF
Ankarada rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Gürcüstan və Türkiyə arasında ikitərəfli strateji əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib. Bu xüsusda Gürcüstan parlamentinin sədrinin Türkiyəyə gözlənilən səfəri, parlamentlərarası dostluq qrupları arasında əməkdaşlıq xüsusi vurğulanıb.
Tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə də toxunublar, iki ölkə arasında artan ticarət dövriyyəsini, strateji tranzit və enerji layihələri çərçivəsində tərəfdaşlığı xüsusilə qeyd ediblər.
Söhbət zamanı Cənubi Qafqaz regionunda təhlükəsizlik çağırışlarına və sülhün təşviqinin vacibliyinə də toxunulub.
Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində üçtərəfli formatda əməkdaşlığı da müzakirə ediblər.