BAKI, 1 noyabr. TELEQRAF
“Milan” İtaliya A Seriyasının X turunda “İnter” üzərində qələbə qazanaraq derbilərdə tarixi seriyaya imza atıb.
Teleqraf xəbər verir ki, “qırmızı-qaralar” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bu, “Milan”ın bütün turnirlər nəzərə alınmaqla “İnter” üzərində ardıcıl 4-cü qələbəsi olub. Beləliklə, komanda XXI əsrdə ilk dəfə Milan derbilərində bu qədər uzun qələbə seriyası əldə edib.
Sonuncu dəfə “Milan” ötən əsrin 70-ci illərinin əvvəlində “İnter”ə qarşı ardıcıl 4 matçda qalib gəlmişdi.
Qeyd edək ki, derbidə hesabı 4-cü dəqiqədə Kristian Pulişiç açıb. Amerikalı futbolçunun qolu 2011-ci il aprelin 2-də Alesandre Patonun 43-cü saniyədə vurduğu qoldan sonra “Milan”ın A Seriyasında “İnter”ə qarşı ən erkən qolu olub.