BAKI, 1 noyabr. TELEQRAF

Ötən əsrdə Türkiyə Cümhuriyyətinin Batum şəhərindəki konsullarından Akil Aksan diplomatik fəaliyyəti ilə yanaşı maraqlı bir mədəni missiyanı da yerinə yetirmişdi. Bu missiya Fikrət Əmirovun bəstələdiyi “Dağlar qızı Reyhan” mahnısının Türkiyədə geniş şəkildə yayılması idi. Bu mahnını Azərbaycanda ilk dəfə Rəşid Behbudov oxusa da, daha çox Zeynəb Xanlarovanın ifasında geniş şəkildə yayılıb.

Mahnının sözlərinin tarixi ilə bağlı fərqli versiyalar olduğu üçün bu barədə fikir yürütmək çətindir. Amma bu mahnının Türkiyədə necə yayılmasını 1969-cu ildə Türkiyənin “Tercüman” qəzetində çıxan bir məqalədən öyrənirik.

Akil Aksan kimdir?

Türk diplomat Akil Aksan 1928-ci il yanvarın 1-də İstanbulda anadan olub. 1946-cı ildə Qalatasaray Liseyini bitirdikdən sonra İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olub. Təhsilini başa vurduqdan sonra Xarici İşlər Nazirliyində fəaliyyətə başlayan Akil Aksan 1953-cü ildə Xarici İşlər Nazirliyinin NATO İdarəsində üçüncü katib, 1955-ci ildə Bonn səfirliyində ikinci katib, 1960-cı ildə NATO İdarəsinin şöbə müdiri vəzifələrində çalışıb. 1961–1966-cı illərdə Parisdə NATO yanında siyasi müşavir, 1967–1968-ci illərdə Xarici İşlər Nazirliyinin Qərbi Avropa İdarəsinin baş direktorunun müavini, 1968-ci ildə Batumda baş konsul, 1969–1972-ci illərdə Avropa Şurası yanında müşavir vəzifələrində işləyib. 1973-cü ildə Nazirliyin Siyasi Planlaşdırma İdarəsinin rəisi, 1975–1979-cu illərdə isə Parisdə UNESCO yanında daimi nümayəndənin müavini, daha sonra müvəqqəti işlər vəkili və fövqəladə və səlahiyyətli səfir vəzifələrində fəaliyyət göstərib. Akil Aksan 1992-ci ildə vəfat edib.

“Tərcüman” qəzetindəki məqalədə onun Batumda konsul işləyərkən Bakıya səfər etməsindən və “Reyhan” mahnısını bəyənməsindən bəhs edib: “Batumda konsul vəzifəsinə təyin edilmiş Akil Aksan sənətə marağı olan bir diplomatımız idi. Bir gün Azərbaycanın paytaxtı Bakıya gedir və orada bir mahnıya qulaq asır. Mahnını sevən Aksan onun valını alaraq Türkiyəyə gətirir. Sənətçilərimizdən Durul Gəncənin atası və Azərbaycanın Gəncə şəhərindən olan İsmayıl Gəncə (əslində Məhəmməd Gəncə - D.Ə) ilə də tanış olan Aksan bir yemək məclisində valı səsləndirir. Doğulduğu torpaqları xatırlayan, üstəlik həmin yerlərin artıq sərhədlərimizdən kənarda qalmasına bir daha üzülən ata Gəncə göz yaşlarını saxlaya bilmir. Atasının bu həssaslığından təsirlənən oğlu Gəncə də valdan “Reyhan” mahnısını götürərək Türkiyədə yayır”.

Ata-oğul Gəncə kimdir?

“Tərcüman”ın bəhs etdiyi ata-oğul Gəncə mühacirət tariximizdə yer almış şəxslərdəndir. Məhəmməd Əli oğlu Gəncə 1909-cu ildə Gəncə şəhərində doğulub. Cümhuriyyətin işğalından və Gəncə üsyanının yatırılmasından bir il sonra - 1921-ci ildə yüzlərlə azərbaycanlı ailə kimi Məhəmməd bəy də yurdunu tərk edərək Qars şəhərinə yerləşib. Kazım Qarabəkir paşanın qurduğu hərbi məktəbə daxil olan Məhəmməd Gəncə Ərzincan hərbi məktəbini, Kuleli hərbi liseyini bitirib, 1931-ci ildə zabit kimi xidmətə başlayıb. Məhəmməd bəy hərbi məktəbi bitirdikdən sonra Mustafa Kamal Atatürkün mühafizə alayında xidmət edib, akademiyaya daxil olub, Türkiyə ordusu sıralarında müxtəlif vəzifələrdə çalışıb. Ankarada Nəriman xanımla ailə həyatı qurub, iki qız, iki oğlu olub. Ən son iş yeri kimi Ankara Ordu evinin müdiri olaraq çalışan Məhəmməd bəy məsləyindən istefa verib, sərbəst iş həyatına başlayıb. Azərbaycan istiqlal mübarizəsinə də qoşulan Məhəmməd bəy Azərbaycan Kültür Dərnəyinin Danışma Məclisinin üzvü olub. M.Gəncə 1978-ci il iyulun 28-də Ankarada vəfat edib, Əsri məzarlığında dəfn edilib.

Məhəmməd bəyin oğlu Durul Gəncə 14 mart 1940-cı ildə Ankarada doğulub. İbtidai təhsilini Bahçelievler məktəbində, orta təhsilini Namiq Kamal adına məktəbdə alıb. Xüsusi pianino dərsləri alan Durul Gəncə məktəbin xor heyətində təmsil olunub, həmçinin Ankara radiosu uşaq klubunda konsert verib. 1954-cü ildə Dəniz Hərb Liseyinə daxil olub, həmin məktəbin orkestrində yer alıb. Məktəbin trampet qrupunda şefliyə qədər yüksəlib. Bu məktəbdəki orkestr Somer Soyata və dostları qrupu kimi də tanınıb və Türkiyədə Rock'n Roll ifa edən ilk musiqi qrupu olaraq tarixdə yerini alıb. Hərbi məktəbdən ayrılan Durul Gəncə 1959-cu ildə ODTÜ İdari elmlər fakultəsinə daxil olub. 1963-cü ildə Demircinin Bayramşah kəndində müəllimlik vəzifəsində hərbi xidmət keçib. 1965-ci ildə Amasiyada 6-cı tüməndən ehtiyat zabit olaraq tərxis olunub. 1970-ci ildə Durul Gəncə Qafqaz qəhrəmanı Şeyx Şamilə həsr olunan xalq rəqsindən təsirlənərək hazırladığı musiqi əsəri ilə sənət dünyasında tanınıb. 1971-ci ildə ilin sənətçisi ünvanını qazanıb, prezident Cevdet Sunay tərəfindən mükafatlandırılıb. “İstanbul Express” qrupunda çalışan Gəncə daha sonra "Asia Minor Mission" qrupunu yaradıb, Ajda Pekkan, Rüçhan Çamay, Gönül Yazar, Alpay, Tanju Okan, Ertan Anapa kimi sənətçiləri müşayiət edib, xaricdə Herb Geller, Sonny Sharock, Bertice Reading, Four Pennies, Lili İvanova, Mads Vinding, Peter Bastian, Anders Koppel, Herbie Mann kimi məşhurlarla çalışıb. Məşhur amerikalı caz ifaçısı Herbi Mennin İstanbul konsertində onu müşayiət edib. Bir çox dünya ulduzu ilə birlikdə çalışan Durul bəy bir il Norveçdə yaşayıb. Caza xidmətlərinə görə “Boston Berklee School of Music”dən təqaüd qazanıb. 1986-cı ildən etibarən ODTÜ və Hacettepe Universitetində “İnsan, musiqi və caz” dərsi verib.

Həyat yoldaşı Melda xanımla birlikdə “Gence” uşaq yurdunu qurub. Melda xanımla evliliyindən Elvin adlı qızı olub. “DG-4” adlı qrupu da olan Gəncə 2005-ci ildə sənətdə 50-ci ilini qeyd edib. 2013-cü ildə İstanbul Kültür Sənət Vəqfi tərəfindən təşkil olunan İstanbul Caz Festivalında “Yaşam Boyu Başarı Ödülü”nə layiq görülüb. Uzun müddətdir parkinson xəstəliyindən müalicə olunan Durul Gəncə 20 oktyabr 2021-ci ildə vəfat edib, atasının yanında dəfn olunub.

Türkiyədə “Reyhan”

Rəşid Behbudovun, Zeynəb Xanlarovanın, Durul Gəncənin sayəsində “Reyhan” mahnısı Türkiyədə geniş şəkildə yayılıb. Hətta 1969-cu ildə rejissor Metin Erksan “Reyhan. Dağlar kızı” adlı film çəkib. Filmdə baş rolları Kartal Tibet və Filiz Akın bölüşüb.

Kamuran Akkor, Yüksel Özkasap, Nesrin Sipahi kimi dövrün sənətçiləri “Reyhan” mahnısını vala yazdıraraq yayılmasına xidmət göstəriblər. Hazırda da bir çox türk ifaçı “Reyhan”ı repertuarına salıb, eləcə də toylarda çalğıçılar tərəfindən də mütəmadi səsləndirilir. Bu sənətçilər arasında “Reyhan” ən çox Kamuran Akkora böyük şöhrət qazandırıb, on minlərlə valı satılıb. Onun ifasını təqdim edirik: