BAKI, 1 noyabr. TELEQRAF
İran Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini terror təşkilatları elan edib. Həmçinin Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nı düşmən qruplar siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata görə, İran MI6-nı İsrail və digər düşmən hesab etdiyi ölkələrlə əməkdaşlıqda, eləcə də casusluq fəaliyyətində ittiham edir.
İran tərəfi bu qərarın Böyük Britaniyanın son bir ildəki addımlarına cavab olduğunu bildirib. Tehranın iddiasına görə, London ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı öz ərazisindəki hərbi bazalardan və digər obyektlərdən istifadəyə şərait yaradıb.
Qərarda Böyük Britaniyanın bu il iyulun 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsi də nəzərə alınıb.
İran Xarici İşlər Nazirliyi bildirib ki, Britaniyanın hərbi dəniz və hava qüvvələrinin terror təşkilatı elan edilməsi SEPAH-a qarşı qəbul edilmiş qərara cavabdır. Tehran yaranacaq nəticələrə görə bütün məsuliyyətin Britaniya hökumətinin üzərinə düşdüyünü bəyan edib.