BAKI, 1 noyabr. TELEQRAF
Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.
Teleqraf xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) ölkə daxilində 12 mindən çox seçki məntəqəsi fəaliyyətə başlayıb. Bu məntəqələrdə ümumilikdə 6,6 milyon vətəndaşın səs vermək hüququ var.
Xaricdə məskunlaşan və ya səfərdə olan Bolqarıstan vətəndaşları üçün isə 60 ölkədə əlavə məntəqələr təşkil olunub. Dövlət başçısı postu uğrunda İliana Yotova ilə Andrey Qyurov, vitse-prezidentlik uğrunda isə Kiril Vılçev və Georgi Kandev mübarizə aparır.
Səsvermə prosesi yerli vaxtla saat 20:00-da yekunlaşdıqdan dərhal sonra ilk qeyri-rəsmi nəticələr bəlli olacaq. Seçkinin yekun rəsmi nəticələrinin isə ən geci noyabrın 4-dək elan edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Bolqarıstanda dövlət başçısı və vitse-prezident 5 il müddətinə ümumxalq səsverməsi yolu ilə seçilir. Eyni şəxs ardıcıl iki dəfədən artıq prezident vəzifəsini tuta bilməz. 2026-cı il seçkilərində birinci turda ümumilikdə 27 namizəd mübarizə aparıb.