BAKI, 20 oktyabr. TELEQRAF
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.
Müşavirədə çıxış edən BŞİH-in başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin son tarixi çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz.
"Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq", - deyə Eldar Əzizov qeyd edib.
Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.
Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.
Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.