BAKI, 20 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan dövlət orqanlarında çalışan keçmiş hakimiyyətlərin nümayəndələrinin və “Daşnaksütyun” Partiyasının üzvlərinin işdən çıxarıla biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Artaşat rayonunun “Daşnaksütyun” partiyasından olan bələdiyyə sədrliyinə namizədinin həyat yoldaşı 2022-ci ilin mart ayından Vahid Sosial Xidmətdə baş mütəxəssis vəzifəsində çalışır. Özü, partiyadaşları və tərəfdarları isə bizi siyasi baxışlarına görə insanları işdən çıxarmaqda ittiham edirlər. Yeri gəlmişkən, həmin namizəd iki cinayət işi üzrə təqsirləndirilən şəxsdir.
Belə insanların dövlət sistemində çalışması bir çoxlarına bizim Köçəryan, Sərkisyan, “daşnaklar” və Karapetyanla gizli əlaqədə olduğumuzu düşünmək üçün əsas verir. Çoxları deyir ki, inqilab etdik, amma hakimiyyətdə yenə “daşnaklar” və keçmiş hakimiyyətlərin nümayəndələri var. Bəs indi mən nə etməliyəm: bu insanları işdən çıxarım, yoxsa saxlayım?”, - Paşinyan qeyd edib.