BAKI, 20 oktyabr. TELEQRAF
Seneqal yığması Afrika Millətlər Kubokunun çempionluğunun Mərakeşə verilməsi ilə bağlı apellyasiyasının nəticəsini öyrənmək üçün daha bir ay gözləməli olacaq.
Teleqraf xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) mübahisəli qərarla bağlı yekun hökmün 2026-cı il noyabrın sonunda açıqlanacağını bildirib.
Oktyabrın 8-də İsveçrənin Lozanna şəhərində Seneqal və Mərakeş futbol federasiyalarının, eləcə də Afrika Futbol Konfederasiyasının (CAF) hüquqi arqumentləri dinlənilib. Əvvəlcə qərarın dinləmədən bir neçə gün sonra veriləcəyi gözlənilsə də, məhkəmə əsaslandırılmış yekun qərarın hazırlanması üçün əlavə vaxt ayırıb.
CAS-ın rəsmi açıqlamasında bildirilib ki, proses bir neçə həftə çəkəcək və yekun qərarın 2026-cı il noyabrın sonunda açıqlanması gözlənilir.
Xatırladaq ki, mübahisə yanvarın 18-də Rabatda keçirilən final matçından sonra yaranıb. Həmin görüşdə Seneqal əlavə vaxtda vurduğu qolla Mərakeşi 1:0 hesabı ilə məğlub edib.
Oyunun əsas vaxtının sonlarında Seneqal futbolçuları rəqibə penalti təyin edilməsinə etiraz olaraq meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. Təxminən 14 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Mərakeş penalti zərbəsindən yararlana bilməyib, Seneqal isə əlavə vaxtda qələbə qolunu vurub.
Buna baxmayaraq, CAF-ın Apellyasiya Şurası mart ayında Seneqal yığmasını turnirin qalibi statusundan məhrum edib və Mərakeşə 3:0 hesablı texniki qələbə verib. Qərarın meydanın tərk edilməsinin oyundan imtina kimi qiymətləndirilməsi ilə əlaqədar olduğu bildirilib.
Seneqal Futbol Federasiyası martın 25-də qərardan CAS-a şikayət edib. Federasiya hakim oyunun davam etdirilməsinə icazə verdiyi üçün qarşılaşmanın nəticəsinin qüvvədə qalmalı olduğunu müdafiə edir.