BAKI, 3 oktyabr. TELEQRAF

Sovet və Rusiya psixoterapevti və hipnozçusu Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə rusiyalı teleaparıcı Andrey Malaxov məlumat verib.

Kaşpirovskinin ölüm səbəbi kəskin ürək çatışmazlığıdır. Yaxınları təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb. O, öz evində vəfat edib.

Anatoli Kaşpirovski 1980-ci illərin sonlarında televiziyada “şəfa seansları” sayəsində superulduza çevrilmiş sovet psixoterapevtidir. Tibbi təhsilinə baxmayaraq, onun məsafədən təlqin metodları qeyri-elmi olduğu üçün alimlər və həkimlər tərəfindən sərt tənqid olunub, nəticədə bu cür proqramlar qadağan edilib.

2020-ci ildə koronavirus pandemiyasının başlanmasından 2026-cı ilin yazına qədər o, Yutub kanalındı fəal olub, burada canlı yayımlar və “məsafədən müalicə seansları” keçirib.

Anatoli Kaşpirovski 1939-cu il avqustun 11-də Xmelnitski vilayətinin Stavnik kəndində anadan olub. 1962-ci ildə Vinnitsa Tibb İnstitutunu bitirib. Bundan sonra təxminən 25 il psixiatriya xəstəxanasında çalışıb.

1988-1989-cu illərdə Ukraynanın paytaxtı Kiyevdə işləyib və televiziya seansları keçirib, o cümlədən enurezdən əziyyət çəkən uşaqlar üçün proqramlar hazırlayıb.

1989-cu ilin oktyabrından SSRİ Mərkəzi Televiziyasında yayımlanan “Həkim-psixoterapevt Anatoli Kaşpirovskinin şəfa seansları” adlı televiziya verilişlərindən sonra populyarlaşıb. Bu verilişləri milyonlarla insan izləyib.

Xüsusilə Kiyev-Moskva və Kiyev-Tbilisi telekörpüləri böyük rezonans doğurmuşdu. Bu yayımlar zamanı Kaşpirovski əməliyyatlar zamanı pasiyentlərə məsafədən ağrıkəsici təsir göstərdiyini iddia edirdi. Bununla belə, həmin əməliyyatların şəraiti və hipnozun ağrıkəsici rolu sonradan mübahisə mövzusuna çevrilmişdi.

1993-1995-ci illərdə Rusiyanın Dövlət Dumasının deputatı olub.