BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ağ Ev Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan qanun əsasında yeni sanksiyaların tətbiqindən imtina edə bilər.

Xatırladaq ki, Tramp sentyabrın 18-də Konqresin qəbul etdiyi müvafiq qanun layihəsini imzalayıb. Sənəd Rusiyanın yüksək vəzifəli siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə, eləcə də Moskvanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.

Qanuna əsasən, ABŞ administrasiyası sənədin imzalanmasından sonra 30 gün ərzində, yəni oktyabrın 18-dək sanksiyaların tətbiq oluna biləcəyi fiziki və hüquqi şəxsləri müəyyənləşdirməlidir.

Bununla belə, Ağ Ev yeni məhdudiyyətlərin ABŞ-nin milli maraqlarına uyğun olmadığı qənaətinə gələrsə, sanksiyaların tətbiqindən imtina edərək bu barədə Konqresi məlumatlandıra bilər.

“Politico” yazır ki, Ağ Evin yeni sanksiyaları tətbiq etməmək barədə qərarı geniş ictimaiyyətə açıqlamadan qəbul etməsi daha real görünür.

ABŞ Senatındakı mənbə bildirib ki, administrasiya sanksiyalardan imtina etmək üçün sadəcə müvafiq bildiriş göndərə bilər.

“Onlar sanksiyaların tətbiqindən imtina barədə sənəd göndərməklə kifayətlənə bilərlər. Gözləntim budur ki, məhz belə də olacaq. Qanunun hazırkı redaksiyası isə bu qərarın qarşısını almaq üçün təsirli mexanizm nəzərdə tutmur”, – mənbə qeyd edib.

Onun sözlərinə görə, ABŞ administrasiyası genişmiqyaslı sanksiyalar hazırlayarkən adətən Dövlət Departamenti, Ticarət və Maliyyə nazirlikləri vasitəsilə müvafiq siqnallar verir.

Lakin hazırda bu qurumlar tərəfindən yeni sanksiyaların hazırlanmasına dair hər hansı siqnal müşahidə olunmur.