BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ-də “OpenAI” şirkətinin ofisində gizli dinləmə qurğusu yerləşdirməkdə şübhəli bilinən əməkdaş saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılan şəxs Səudiyyə Ərəbistanı vətəndaşı, 35 yaşlı Əbdülrəhman əl-Fauzandır.
“OpenAI əməkdaşı şifahi danışıqları ələ keçirmək məqsədilə elektron, mexaniki və ya digər qurğudan istifadə etməkdə, yaxud buna cəhd göstərməkdə ittiham olunaraq həbs edilib. Əbdülrəhman əl-Fauzan oktyabrın 9-da saxlanılıb və oktyabrın 13-də ilk dəfə məhkəmə qarşısına çıxarılıb”, – nazirliyin məlumatında bildirilib.
İstintaq materiallarına əsasən, dinləmə qurğusunun yerləşdirildiyi otaqda keçirilən görüşlər zamanı şirkətin məxfi texniki, kommersiya və strateji məlumatları müzakirə olunub.
Həmin görüşlərdə “OpenAI”ın texnoloji inkişafı, strateji qərarları, imkanları, prioritetləri və dövlət qurumları ilə əməkdaşlığına dair ictimaiyyətə açıqlanmayan məlumatların da müzakirə edildiyi qeyd olunur.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, əl-Fauzan 2025-ci ilin iyulunda “OpenAI” şirkətində mühəndis kimi işə başlayıb.
İttihamlar təsdiqlənərsə, onu 5 ilədək həbs və 250 min dollar məbləğində cərimə gözləyir.