BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi “Bank of America”nı çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinə əməl etməməkdə və sanksiya rejimini pozmaqda ittiham edərək iri məbləğdə cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin oktyabrın 13-də yaydığı məlumatda bildirilib.

Nazirliyin açıqlamasına əsasən, bank milli təhlükəsizliklə bağlı risklərin azaldılması üçün lazımi tədbirlər görmədiyinə görə 1,2 milyard dollar məbləğində cərimələnib.

ABŞ tərəfinin iddiasına görə, söhbət Çinlə əlaqəli maliyyə şəbəkələrinə aid edilən çirkli pulların yuyulması və qanunsuz maliyyə əməliyyatlarından gedir.

Bundan əlavə, “Bank of America” çirkli pulların yuyulmasına qarşı mübarizəni tənzimləyən federal qanunların tələblərinə əməl etmədiyinə görə 750 milyon dollar ödəməlidir.

Nazirlik bildirir ki, bank ümumilikdə təxminən 5 milyard dollar həcmində şübhəli maliyyə əməliyyatlarının qarşısını almayıb və bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmayıb.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə bank arasında sanksiya pozuntularına dair iddiaların tənzimlənməsi üçün 11,6 milyon dollarlıq razılaşma əldə olunub.

ABŞ tərəfinin məlumatına görə, bank texniki və ya insan səhvləri nəticəsində ən azı 475 dəfə sanksiya rejimini pozub və ümumi məbləği bir neçə milyon dollar olan ödənişləri həyata keçirib.