BAKI, 13 oktyabr. TELEQRAF
“Oyunla bağlı, xüsusilə də ilk hissədə ciddi şəkildə yanıldıq. Məğlubiyyətin səbəbləri çoxdur. Bu səviyyəli matçda belə xətalara yol verməməli idik, lakin iki bağışlanmaz səhvimiz oldu və tamaşilə mənasız qollar buraxdıq. Halbuki özümüzün də minimum iki qol vurmaq üçün real imkanımız var idi”.
Teleqraf xəbər verir ki, bu sözləri "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında söyləyib.
Çexiyalı mütəxəssis rəqibin təzyiqi qarşısında çətinlik çəkdiklərini etiraf edib:
“Rəqibin ciddi təzyiqi altında qaldıq və gözlənilmədən çoxlu top itkisinə yol verdik. Meydanda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. 'Sabah' xüsusən orta sahədə bizdən tam üstün idi. Hazırda bütün futbolçularım bu nəticəyə görə çox üzgündür”.
Trpişovski komandasının zəif tərəflərinə diqqət çəkərək mübarizəni təhlil edəcəklərini bildirib:
“Oyunun favoriti hesab oluna bilərdik, lakin bu, qələbə üçün kifayət etmir. Meydanda və xüsusən cərimə meydançasında daha soyuqqanlı, daha ağıllı davranmalı idik. Buraxılan səhvləri və zəif tərəflərimizi mütləq təhlil edəcəyik. Bu gün 'Sabah' layiq olduğu qələbəni qeyd edir, biz isə məğlubiyyətdən dərs çıxarmalıyıq”.