BAKI, 8 avqust. TELEQRAF

Macarıstanın hakim partiyası “Tisa”nın parlament fraksiyası prezident vəzifəsinə 2009-2011-ci illərdə Ali Məhkəmənin sədri olmuş Andraş Bakanın namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın bəyanatında bildirilib.

Qeyd edilib ki, Andraş Bakanın uzun illər ərzində nümayiş etdirdiyi təcrübə və peşəkarlıq, xüsusilə Macarıstanda yeni konstitusiya quruluşunun əsaslarının formalaşdırılmasının planlaşdırıldığı dövrdə böyük əhəmiyyət daşıyır.

“Tisa” hesab edir ki, Baka prezidentlik institutunun nüfuzunu bərpa edə, cəmiyyəti birləşdirə və parlamentdə üstünlük təşkil edən çoxluğa qarşı tarazlaşdırıcı rol oynaya biləcək ən güclü fiqurdur.

Namizədlik üzrə səsvermə gizli keçirilib. Baka heç bir siyasi partiyanın üzvü deyil və Macarıstan siyasətində özünü müstəqil fiqur kimi təqdim edir. “Tisa” onun namizədliyini hakimiyyətə gəldiyi yazdan bəri verdiyi ən mühüm qərar adlandırıb.

Daha əvvəl Baş nazir Peter Madyar sələfi Viktor Orbanın dövründə prezident seçilmiş Tamaş Şuyoku vəzifəsindən getməyə məcbur edib. Şuyok iyulun 18-də parlamentin iyulun 17-də qəbul etdiyi Konstitusiyaya 17-ci düzəlişi imzalayıb. Düzəliş onun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tuturdu.

Şuyok bu sənədi “antikonstitusion və antidemokratik” adlandırsa da, Madyarın təzyiqi qarşısında geri çəkilib. Onun yeni hökumətlə mübarizə aparmaq imkanlarının tükəndiyi bildirilir.

Macarıstan parlamentli respublikadır və əsas hakimiyyət baş nazir və hökumətin əlində cəmləşir. Prezident parlament tərəfindən səs çoxluğu ilə seçilir, namizədləri isə rəsmi olaraq parlamentdəki partiya fraksiyaları irəli sürə bilər.