BAKI, 12 iyun. TELEQRAF
Son mənfi geosiyasi xəbərlər fonunda Ukrayna ümid mənbəyinə çevrilib. Ukrayna döyüş meydanında son illərin istənilən dövrü ilə müqayisədə daha yaxşı nəticələr göstərir. Rusiyanın itkiləri sürətlə artır, hərbi uğurları azalır. Əgər Ukrayna bu dinamikanı qoruyub saxlaya bilsə, bəlkə də Rusiyanı layiqli sülh sazişi bağlamağa məcbur edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“Amma nikbinlik ehtiyatla qarşılanmalıdır: Ukraynanın üstünlüyünün nə qədər davam edəcəyi və küncə sıxışdırılmış Rusiya lideri Vladimir Putinin nə dərəcədə təhlükəli ola biləcəyi ilə bağlı təcili suallar qalır”, - məqalədə vurğulanır.
Nəşr qeyd edir ki, 2026-cı il əvvəlki illərdən fərqlənir. Rusiyanın hücum tempi əvvəlki illərlə müqayisədə daha yavaşdır, itkilər isə çoxdur, məlumata görə, hər ay 35 minə yaxın Rusiya hərbçisi ölür, yaralanır və itkin düşür.
“Ukraynalılar lokal əks-hücumlar nəticəsində kiçik əraziləri geri qaytara bilirlər. Vəziyyətin dəyişməsində əsas rol Ukraynanın malik olduğu dünya səviyyəli pilotsuz uçan texnologiyalarına məxsusdur. Ukraynada innovasiyalar intensiv və fasiləsizdir: kiçik dronların hazırlanma müddəti illərdən həftələrə, hətta günlərə enib. Cəbhə xətti boyunca dronların geniş istifadəsi ruslar üçün hərəkətin məhvedici olduğu “ölüm zonası” yaradıb. Hazırda bu dinamika hücum edən Rusiyadan daha çox müdafiə olunan Ukraynaya kömək edir”, - nəşr yazır.
Diplomatik müstəvidə də vəziyyət dəyişir. Apreldə Macarıstan Baş naziri Viktor Orbanın seçkilərdə məğlub olması Vladimir Putini Avropadakı ən yaxın müttəfiqindən məhrum edib, Ukraynaya Avropa maliyyə dəstəyinin davam etdirilməsinə mane olan əsas əngəllərdən birini aradan qaldırıb.
“Bütün bunlar qələbənin yaxın olduğu anlamına gəlmir: Ukrayna hələ də Moskvanın nəzarətində olan şərq ərazilərinin böyük hissəsini azad edə bilmir. Putin isə ölkənin daha da parçalanması və siyasi baxımdan neytrallaşdırılması niyyətindən əl çəkməyib. Ancaq Ukrayna ilin sonuna qədər Putin ordusuna ağır itkilər verməyə və Rusiya iqtisadiyyatını zəiflətməyə davam etsə, bu, hətta Kreml sahibinin belə yüksək xərcləri qəbul etmək istəyini tükəndirə bilər”, - müəlliflər ehtimal edirlər.
Digər tərəfdən, təhlükə ondadır ki, təzyiq altında qalan Rusiya lideri məcburetmə tədbirlərini daha da sərtləşdirə bilər. O, uzun illərdir Kiyevlə münaqişəni Qərbə qarşı mübarizə kimi təqdim edir. Putin illər boyu nüvə təhdidlərindən, ölümcül təxribatlardan və aqressiv hibrid müharibə üsullarından istifadə edərək Ukraynanın müttəfiqlərini geri çəkməyə çalışıb.
“Putin Üçüncü Dünya Müharibəsinə hazırlaşmır: onun silahlı qüvvələri hazırkı müharibənin öhdəsindən belə çətinliklə gəlir. Amma o, hərbi təhdidlərin Avropa dövlətlərini Ukraynaya dəstəyi azaltmağa və ya Rusiyanın şəhərlərinə zərbələrdən imtina etdirməyə məcbur edəcəyinə ümid edir. Yaxud da eskalasiya təhlükəsinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Rusiyanın xeyrinə diplomatik müdaxiləyə səbəb olacağına inanır”, - “Bloomberg” əlavə edir.
Bəzi NATO rəsmiləri Rusiyanın alyansın zonasında kiçikmiqyaslı hərbi qarşıdurma təşkil edə biləcəyindən ehtiyatlanırlar. Məsələn, Rusiya qısamüddətli əməliyyatla Estoniya ərazisinin bir hissəsini işğal edib sonra geri çəkilə, bununla da NATO-nu nüfuzdan sala və Avropaya Trampın artıq onu dəstəkləmədiyini göstərməyə çalışa bilər.
“Bu, hələlik az ehtimallı ssenaridir. Ancaq Ukraynada hər şeyini riskə atan Putin oradakı acı uğursuzluqla asanlıqla barışmayacaq. Hazırda Ukraynanın xeyrinə inkişaf edən münaqişə başa çatmazdan əvvəl daha da təhlükəli ola bilər”, - məqalə belə yekunlaşır.