BAKI, 11 aprel. TELEQRAF

“Ukrayna atəşkəs rejiminə riayət edəcək, qarşılıqlı şəkildə hərəkət edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, mümkün atəşkəs şərtlərinin Rusiya ordusu tərəfindən pozulmasına cavab olaraq Ukraynanın davranış qaydaları müəyyən edilib:

“Ukrayna atəşkəs rejiminə əməl edəcək, qarşı tərəfin addımlarına uyğun cavab verəcək. Əgər Rusiya tərəfindən havada, quruda və dənizdə hücumlar olmasa, biz də cavab verməyəcəyik”.

Dövlət başçısı Ukrayna ordusunun cəbhədə istənilən inkişaf ssenarisinə hazır olduğunu vurğulayıb və bildirib ki, Kiyev dəfələrlə Moskvaya müxtəlif atəşkəs formatları təklif edib.

O əlavə edib ki, Pasxa atəşkəsi sülhə doğru real addım ola bilər, Ukraynanın bu istiqamətdə təklifi qüvvədə qalır.

Volodimir Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə atəşkəs şəraitində bölmələrin hərəkət planını müzakirə etdiyini açıqlayıb.

“Ukraynanın “güzgü cavab prinsipi” və mümkün atəşkəsin uzadılması barədə məlumat Rusiya tərəfinə də çatdırılıb”, - o əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Pasxa münasibətilə müvəqqəti atəşkəs elan edib. Qərar aprelin 11-də saat 16:00-dan aprelin 12-də günün sonuna qədər qüvvədədir.