BAKI, 10 aprel. TELEQRAF
“Rusiya ilə mümkün sülh razılaşması istiqamətində irəliləyiş var, müharibənin həllinin uzun çəkməyəcəyini düşünürəm”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kiril Budanov deyib.
Budanov hesab edir ki, Rusiya da müharibəni dayandırmaq istəyir.
“Hamı başa düşür ki, müharibə bitməlidir. Məhz buna görə də danışıqlar aparılır. Düşünmürəm ki, bu, çox vaxt aparacaq”, - o əlavə edib.
Həmçinin Budanov vurğulayıb ki, hər iki tərəf ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda maksimalist mövqelər tutub, amma kompromis axtarışında bir-birinə yaxınlaşacaqlar.
Ukrayna rəsmisi hesab edir ki, Rusiyanın razılaşma əldə etmək üçün bəlli motivasiyası var: “Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bu, trilyonlarla ölçülən çox böyük məbləğlərdir”.
Bununla belə, PA rəhbəri danışıqlarda ən çətin məsələ olan ərazilərlə bağlı mümkün kompromisin necə olacağını açıqlamayıb:
“Hələ yekun qərar qəbul olunmayıb. Ancaq ümumilikdə indi hamı qəbul edilə bilən sərhədləri aydın şəkildə başa düşür. Bu, böyük irəliləyişdir”.