BAKI, 9 aprel. TELEQRAF

“ABŞ Rusiyanın İrana Yaxın Şərqdəki Amerika bazalarına hücumda kömək etdiyinə dair inandırıcı dəlilləri qulaqardına vurub, çünki Vaşinqtonda Vladimir Putinə güvənirlər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Ağ Evin diqqətini Moskva ilə Tehran arasındakı sıx əməkdaşlığa cəlb etməyə çalışır.

Zelenski vurğulayıb ki, Rusiya hərbi peykləri Körfəz dövlətləri və İsraildə vacib enerji infrastrukturunun, eləcə də regiondakı Amerika hərbi bazalarının yerlərinin şəkillərini çəkərək İrana ötürüb.

“Mən bunu açıq şəkildə bəyan etdim. Bəs ABŞ-nin Rusiyaya qarşı, məsələn, onların bütün bunları dayandırmalı olduqlarına dair reaksiyasını gördükmü? Problem ondadır ki, onlar Putinə güvənirlər. Bu isə rüsvayçılıqdır”, - Volodimir Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp komandası Rusiyanın nə istədiyini başa düşmür.