BAKI, 21 yanvar. TELEQRAF

“Hakim partiya (PAS) tərəfindən irəli sürülən inzibati islahatlar Moldova dövlətçiliyinin məhvinə gətirib çıxaracaq”.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müxalif Sosialistlər partiyasının sədri, sabiq prezidenti İqor Dodon deyib.

“Etnik və regional baxımdan müxtəlif olan Moldova üçün bu cür mərkəzləşmə daxili destabilizasiyaya aparan yoldur. Dövlət regionların boğulması hesabına möhkəmlənmir, əksinə, bu yolla məhv edilir”, - o bildirib.

Dodon vurğulayıb ki, islahatlar yerli özünüidarəni faktiki olaraq ləğv edir, “optimallaşdırma” və “Avropa standartları” şüarları ilə isə ərazilərin, xüsusən də kənd və ucqar bölgələrin böyüdülməsi və zəiflədilməsi baş verir:

“Bu durumda bələdiyyələr maliyyə və kadr resurslarından məhrum edilmiş, sadəcə göstəriş icraçılarına çevrilir. Uzunmüddətli perspektivdə bu, kəndlər və kiçik şəhərlərin boşalması, milli kimlik və məsuliyyətin itirilməsi, sosial laqeydlik və dövlətə inamsızlığın artması, peşəkarlıq əvəzinə siyasi sədaqətin güclənməsinə gətirib çıxaracaq”.