BAKI, 21 yanvar. TELEQRAF

“Belçika Baş naziri Bart de Veverin Avropanın Qrenlandiya məsələsində ABŞ qarşısında “razı vassal”dan “bədbəxt kölə”yə çevrilə biləcəyi barədə sözləri Avropa İttifaqının vəziyyətindən doğan dəhşətli fəryadıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, bu vəziyyəti Avropa İttifaqının özü yaradıb.

“Bu mənada, Belçika Baş nazirinin söylədikləri kömək çağırışı deyil, dəhşətli fəryaddır, öz-özlərini bu vəziyyətə salıblar. İndi onlara hansı seçim qalır? Çoxsaylı imkanlardan nə qalıb? Ya “razı vassal”, ya da “bədbəxt kölə”.

Bunu ironiya ilə demir. Fikrimcə, bunun faciəvi qaçılmazlıq olduğuna görə dilə gətirir. Qərbi Avropanın özünü hansı hala saldığını anlayaraq deyir. Demək istəyir ki, başqa seçimləri qalmayıb, yalnız tam asılı olmaq qalır. Sual yalnız asılılığın formasındadır: hər şeyi əlindən alınmış və heç bir hüququ olmayan kölə vəziyyəti, yoxsa hüquqları qismən məhdudlaşdırılmış vassal?”.

De Vever Davos Dünya İqtisadi Forumu müzakirə sessiyasında çıxış edərkən bəyan edib ki, ABŞ-nin Qrenlandiyanı almaq tələbləri qarşısında geri çəkilərsə, Avropa öz şərəfini itirəcək, əvvəlki kimi Amerikanın “razı vassal”ı olmaqdan çıxaraq “bədbəxt kölə”yə çevriləcək.