BAKI, 14 yanvar. TELEQRAF
“Avropa İttifaqı (Aİ) İranla bağlı vəziyyəti şərh etməkdənsə, diqqətini Qrenlandiyaya yönəltsə, daha yaxşı olar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Avropalı rəsmilərə sualım var: təxminən bilirlərmi ki, Qrenlandiya harada yerləşir, İran harada? Özlərinə sual vermək istəmirlərmi ki, niyə dünyanın tamam başqa hissəsində, onlardan - Qrenlandiyadan da daha uzaqda yerləşən İranla bağlı vəziyyəti şərh edirlər? Niyə Avropa İttifaqı İrana bu qədər çox diqqət ayırır, Qrenlandiyaya isə bu qədər az?
Bəlkə indi bütün diqqəti Qrenlandiyaya yönəltmək lazımdır? Sizə elə gəlmirmi ki, İranla bağlı vəziyyət Avropa İttifaqı rəsmiləri üçün əhalinin diqqətini adanın referendum keçirilmədən alınmasından yayındırmaq üçün “xilaskar bəhanə”yə çevrilib?”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, söhbət Danimarkaya məxsus yarımuxtar Qrenlandiya adasının ABŞ tərəfindən mümkün ilhaqından gedir. ABŞ Prezidenti Donald Tramp dəfələrlə dünyanın bu böyük adasının ölkəsinə birləşdiriləcəyinin mesajını verib.