BAKI, 9 yanvar. TELEQRAF
“Ukrayna üçün təhlükəsizlik zəmanətinin əsas forması qoşunların yerləşdirilməsi əvəzinə, NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinə əsaslanan, zəruri hallarda hərəkət mexanizmidir”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə “Könüllülər Koalisiyası” çərçivəsində çoxmillətli qüvvələrin yaradılması müzakirə olunur. Mənim əsgərlərin göndərilməsini zəruri hesab etməməyimin səbəbi ondan ibarətdir ki, Ukrayna üçün sülhün əsas təminat aləti NATO-nun 5-ci maddəsinə bənzər əsas təminat formasıdır. Əsgərlərin göndərilməsi bir ideya ola bilər, bunu etmək istəyənlərin niyyətlərini şübhə altına almıram, amma bunu zəruri hesab etmirəm”, - o bildirib.
Meloni Rusiyanın sayı 1,5 milyon nəfərdən çox olan ordusunun aqressiv hərəkətlərə yol verməkdən çəkindirmək üçün neçə italyan əsgərinin göndərilməli olacağı sualını qaldırıb.