BAKI, 7 yanvar. TELEQRAF
Ukraynada atəşkəs olarsa, Rusiya Qərbdə proqnozlaşdırılandan daha tez NATO ölkələri üçün ciddi təhlükə yarada bilər. Bu halda Rusiya qüvvələri sərbəst qalacaq, Moskva isə silahlanmasını yeniləyə və öz gücünü bərpa edə biləcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ABŞ analitikləri Berlinin hərbi sənədinə istinadla bildirirlər ki, bu, Rusiya tərəfindən Almaniyanın infrastrukturuna qarşı gizli hücumların aparılmasını əks etdirir. Hücumların məqsədi Rusiyanın gələcəkdə NATO ilə potensial müharibəyə hazırlıq üçün şərait yaratmaqdır.
Sənəddə göstərilir ki, Rusiya Almaniyanın strateji infrastruktur obyektlərinə qarşı gizli hücumları artırır, böyük ehtimalla, daha genişmiqyaslı münaqişəyə hazırlaşır.
Hərbi sənəddə həmçinin Rusiyanın kiberəməliyyatları və təsir kampaniyaları da potensial hərbi qarşıdurmaya hazırlıq kimi nəzərdən keçirilir. Bildirilir ki, Almaniyanın NATO-nun hərbi yerləşdirmə və dəstək mərkəzi kimi rolu nəzərə alınaraq, Rusiyanın əvvəlcə bu ölkənin enerji və müdafiə infrastrukturunu hədəfə alacağı gözlənilir. Proqnozlara görə, NATO-nun şərq qanadına açıq hücumdan sonra Rusiya Almaniyanı uzaqmənzilli raket və PUA-larla zərbə üçün prioritet hədəf kimi nəzərdən keçirəcək.
Hesabata əsasən, Rusiya bu imkanları və strateji variantları ən gec 2029-cu ilə qədər inkişaf etdirəcək.
ISW ekspertlərinin fikrincə, Almaniyanın infrastrukturuna qarşı gizli hücumlar “Sıfır Faza” kampaniyasının bir hissəsidir – müharibə üçün informasiya və psixoloji şərait yaratmaq mərhələsi. Bu, NATO ilə Rusiya arasında mümkün müharibəyə hazırlıq üçün nəzərdə tutulub.