BAKI, 10 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan təkcə bütün Donbas bölgəsini istəmir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp təxminən bir ildir Kiyevə təzyiq göstərir ki, müharibənin dayandırılması üçün Donbası Moskvaya versin. Amerika lideri Yeni ilədək məsələini həll etmək istəyir.

Vladimir Putin bəyan edib ki, Ukrayna öz qoşunlarını bütün Donbasdan çıxarmadan müharibə dayanmayacaq. Amma Moskva dəfələrlə açıq şəkildə onu da bəyan edib ki, Ukraynaya müdaxiləsi təkcə ərazi ilə bağlı deyil. Əsas məqsəd Kiyevdəki qərbyönümlü hökumətin, konkret desək, Prezident Volodimir Zelenski və komandasının hakimiyyətdən getməsinə nail olmaqdır. Kreml bunu “müharibənin əsas səbəblərindən biri” adlandırır. Kreml Ukraynadan NATO üzvlüyündən imtina və Silahlı Qüvvələrin sayının məhdudlaşdırılmasını da tələb edir.

Bununla belə, Putin hökumətinin birinci baş naziri, hazırda mühacirətdə yaşayan Mixail Kasyanov hesab edir ki, Kreml sahibi Qərbdən Rusiyanın bütün Donbas üzərindəki nəzarətini tanımasını istəyir: “Bu, ona və onun gücünə hörmət məsələsidir, o istəyir ki, heç kim onun zəif olduğunu düşünməsin”.

Donald Tramp da Vladimir Putinə yardım etmək üçün Ukraynaya təzyiq edir. Amma nəşrin fikrincə, siyasi hakimiyyət loyallıq nümayiş etdirsə belə, Ukrayna ordusu güzəştlərə razı olmaya bilər. Yəni Zelenski Rusiyaya torpaq vermək istəsə belə, Ukrayna Konstitusiyasında deyilir ki, ərazi yalnız ümumxalq referendumundan sonra verilə bilər. Müharibə vaxtı isə referendumun keçirilməsi son dərəcə çətin, hətta qeyri-mümkündür. Amma nəşr yazıb ki, Kiyev Rusiyanın işğalını rəsmən tanımadan qoşunlarını Donbasdan çıxarsa, referendumun keçirilməsinə ehtiyac qalmazdı.