BAKI, 19 noyabr. TELEQRAF

Ağ Ev Rusiya ilə yeni böyük sülh sazişi təqdim etməyə hazırlaşır. Rəsmilərin sözlərinə görə, bu sənəd Ukraynada müharibəyə nəhayət son qoymalıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” rəsmi mənbələrə istinadla bildirib.

Nəşrin yazdığına görə, Donald Tramp administrasiyası ümid edir ki, müharibənin dayandırılması barədə razılaşma yaxın günlərdə bütün tərəflər tərəfindən əldə olunacaq.

Yüksək vəzifəli Ağ Ev rəsmisi deyib ki, çərçivə sənədinin ayın sonuna qədər, hətta bu həftə bütün tərəflər tərəfindən razılaşdırılacağı gözlənilir. Amma nəşr qeyd edib ki, yeni sülh planının hazırlanmasında nə Ukrayna, nə də Avropadakı müttəfiqlər iştirak edib. Bununla belə, məqalədə vurğulanıb ki, Ağ Evdə əhval-ruhiyyə nikbindir və görünür, plan Ukrayna Prezidenti Volodimir Zelenskiyə əvvəldən təqdim olunmuş kimi açıqlanacaq.

“Ağ Evin fikrincə, hazırda Ukrayna elə vəziyyətdədir ki, həm Zelenski ətrafındakı korrupsiya qalmaqalları, həm də cəbhədəki mövcud durum fonunda ABŞ Kiyevi bu sazişi qəbul etməyə məcbur edə bilər. Məsələ ondadır ki, onlar bunu məntiqli hesab edirlər və Ukrayna bunu qəbul etməlidir”, - nəşrin analitikləri qeyd ediblər.