BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı 450 dron və 30-dan çox raket buraxıb, nəticədə bir uşaq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, Rusiya gecə saatlarında Ukraynanın kritik infrastrukturuna genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb, ölkənin 9 vilayəti işıqsız qalıb.

“Bu, hesablanmış və sinik hücumdur — 450-dən çox dron və 30-dan artıq raket. Həyatın normal gedişini təmin edən hər şeyə qarşı... ruslar xalqımızdan bunu da almaq istəyirlər. Hazırda ölkə üzrə 20-dən çox yaralı var, hamısına lazımi tibbi yardım göstərilir. Təəssüf ki, Zaporojyedəki hücum nəticəsində bir uşaq həlak olub”, — Zelenski bildirib.

Prezident qeyd edib ki, Kiyevdə elektrik və su təchizatının bərpası üçün müvafiq qruplar işləyirlər.

Volodimir Zelenski vurğulayıb ki, qış yaxınlaşdıqca Rusiya zərbələrinin əsas hədəfi mülki və enerji infrastrukturu olur.

Ukrayna lideri həmçinin beynəlxalq ictimaiyyətə çağırış edərək qeyd edib:

“Dünyanın birgə səyləri ilə bu terrora qarşı insanları qorumaq mümkündür. Bizə hava hücumundan müdafiə sistemlərinin təminatı və sanksiyalar məsələsində qəti addımlar lazımdır, boş sözlər yox, ABŞ-dən, Avropadan və “Böyük Yeddilik”dən konkret hərəkətlər gözləyirik. Biz bu qəddarlığa qarşı “Böyük İyirmilik”dən də cavab gözləyirik, xüsusən o ölkələrdən ki, çıxışlarında sülhdən danışırlar, amma real addım atmırlar. Dünya bu cinayətlərdən özünü qoruya bilər və bu, qlobal təhlükəsizliyi yalnız gücləndirəcək. Bizə kömək edən hər kəsə təşəkkür edirəm”.