BAKI, 7 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin bu gün müvafiq sərəncamla işdən azad etdiyi nəqliyyat naziri Roman Starovoyt intihar edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.
Məlumata görə, Roman Starovoytun yanında tapılan odlu silah ona 2023-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafat kimi verilib.
Eks nəqliyyat naziri külli miqdarda mənimsəmədə şübhəli bilinirdi. Ona qarşı iddialar Kurqan vilayətində yaradılmış operativ qərargahın verdiyi qərarlarla bağlıdır. Keçmiş nazir İnkişaf Korporasiyasının 19 milyard rublluq tenderini mənimsəmədə ittiham edilir. Əvvəlki dövrdə onun tabeçiliyində çalışan Kurqan vilayətinin qubernatoru Aleksey Smirnovun, İnkişaf Korporasiyasının baş direktoru Vladimir Lukinin və deputat Maksim Vasilyevin Starovoytun əleyhinə ifadə verdiyi bildirilir. Həmin şəxslərin hazırda istintaq tərəfindən saxlanıldığı da qeyd olunur.
Məlumata görə, V.Putin R.Starovoytu işdən çıxarmaqla bağlı sərəncam elan olunandan sonra onu Kremldə qəbul edib.
Roman Starovoyt 1972-ci ilin yanvarın 20-də anadan olub. Roman Starovoyt nəqliyyat naziri vəzifəsinə 2024-cü ilin mayında təyin olunmuşdu. Buna qədər isə o, Kursk qubernatoru vəzifəsində çalışıb.