BAKI, 4 iyun. TELEQRAF

“Rusiya ABŞ-ni İstanbuldakı danışıqlar prosesindən çıxara bilsə də, Türkiyənin vasitəçiliyi də onu qane etmir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski iyunun 4-də jurnalistlərlə söhbəti zamanı deyib.

“Türkiyədə ABŞ-nin vasitəçiliyinin nümayiş etdirilməsi tamamilə aydındır. Ruslar onları danışıqlar masasından çıxarmaq üçün əllərindən gələni etdilər və buna nail oldular”, - Zelenski bildirib.

Ukrayna Prezidenti mayın 16-da İstanbulda danışıqların ilk ranundunun ABŞ-nin təşəbbüsü ilə aparıldığını qeyd edib:

“Amerikalıların ümumiləşdirilmiş yanaşma tapacağına razılaşdıq. Sonra hamı təəccübləndi, çünki ruslar amerikalıları (İstanbuldakı danışıqlar prosesindən – red.) çıxardılar. Ardınca dərhal müvafiq ultimatumlarla hücuma keçdilər. Yəni bu, əvvəlcədən hazırlanmış hekayədir”.

Həmçinin Zelenskinin fikrincə, Türkiyənin vasitəçiliyi də Rusiyanı qane etmir: “Açığını deyim ki, onlar Türkiyənin vasitəçiliyindən çox da razı deyillər”.

Prezident əlavə edib ki, görüş zamanı Türkiyə tərəfi növbə ilə həm Ukrayna, həm də Rusiyaya danışmaq imkanı verib.

Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ilk görüş mayın 16-da İstanbulda keçirilib. İyunun 2-də baş tutan ikinci görüşə də Türkiyə şəhəri ev sahibliyi edib. İlk görüşə ABŞ nümayəndə heyəti qatılsa da, ikincisi Türkiyənin moderatorluğu ilə keçirilib.