BAKI, 23 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı planı sülh yox, kapitulyasiya aktıdır.

Teleqraf xəbər verir ki, bunu britaniyalı analitik Ceyms Snell “The Telegraph”da dərc olunan köşə yazısında bildirib.

Müəllif yazır ki, Kiyev ABŞ-nin təklif etdiyi sülh sazişini de-fakto təslimçilik kimi qəbul edir.

Donald Trampın təklifinə aşağıdakılar daxildir:

- Rusiyanın işğalı altında olan ərazilərdən imtina;

- NATO-ya üzvlükdən imtina;

- ABŞ-nin Krımın Rusiyaya ilhaqını rəsmən tanıması;

- Ukraynaya Rusiyaya qarşı təhlükəsizlik təminatlarının verilməməsi.

Snellin fikrincə, Ukrayna ABŞ prezidentinin təklifi ilə razılaşsa, meydanda tək qalacaq:

“Donald Tramp inanır ki, torpaqlardan sülh üçün alver predmeti kimi istifadə edə bilər. Beynəlxalq münasibətlər nəzəriyyəsinin ən uzaq nöqtələrində bu mümkündür. Amma reallıqda mümkün deyil.

Ukrayna ərazisinin 20 faizini ələ keçirən Rusiyaya güzəşt təkcə torpaqların yox, insanların da itirilməsi deməkdir. Saziş müharibəni dayandırmayacaq, sadəcə növbəti mərhələyə qədər təxirə salacaq”.

Xatırladaq ki, bundan əvvəl Amerika mediası Donald Trampın Ukraynaya yeddi bəndlik sülh planı təklif etdiyi barədə məlumat yaymışdı.