BAKI, 14 aprel. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı başladılan korrupsiya işi çərçivəsində həbs edilən bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, bəzi şübhəlilərin sərbəst buraxılması tələbi məhkəmə tərəfindən qəbul olunmayıb.

Teleqraf xəbər verir ki, bəzi şübhəlilərin, o cümlədən Əkrəm İmamoğlunun vəkilləri ötən həftə məhkəməyə onların həbsinə etiraz ərizəsi təqdim etmişdilər.

Vəsatəti araşdıran məhkəmə vəkillərin etirazını təmin etməyib.

Xatırladaq ki, mart ayında Əkrəm İmamoğlu və daha 99 şübhəli barəsində “cinayətkar dəstənin lideri olmaq”, “cinayətkar dəstəyə üzv olmaq”, “mənimsəmə”, “rüşvət alma”, “külli miqdarda pul tələb etmə”, “dələduzluq” və digər ittihamlarla İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstanbulun bələdiyyə sədri korrupsiya ittihamı ilə həbs edilib.