BAKI, 23 mart. TELEQRAF

Məhkəmənin qərarı ilə bu gün korrupsiya işi ilə əlaqədar həbs olunan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin olunmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Gökan Zeybək məlumat verib.

“Terror işi çərçivəsində məhkəmə İstanbul Baş Prokurorluğunun İmamoğlu barəsində təqdimatını qəbul etməyib. Bu qərarla qəyyum təyinatı ehtimalı aradan qaldırılıb”, - partiya rəsmisi bildirib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb, ittihamlardan biri korrupsiya, digəri terror təşkilatına yardımla əlaqəlidir. Korrupsiya işində məhkəmə İstanbul Baş Prokurorluğunun təqdimatını qəbul edərək, Əkrəm İmamoğlu barəsində həbs qərarı verib.

Məhkəmə terror işində İstanbul Baş Prokurorluğunun Əkrəm İmamoğlu barəsində təqdimatını qəbul etməyib.

Bələdiyyə sədri martın 19-da saxlanılıb, dörd gündür İstanbul Şəhər Baş Prokurorluğunda dindirilirdi. Sonda məhkəmə İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib.