BAKI, 23 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun maliyyə cinayətlərinə görə həbs olunmasına, terror işinə görə isə həbs tələbinin rədd edilməsinə qərar verilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

12:40

Terror işi çərçivəsində İstanbul Baş Prokurorluğunun bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində məhkəmə təqdimatını qəbul etmədiyi deyilsə də, hakimlər heyətinin hələ istintaqla bağlı yekun qərar vermədiyi və kollegiyanın qərarı elan etmək üçün müşavirəyə getdiyi bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əkrəm İmamoğlunun “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar dəstə yaratmaq”, “tenderi saxtalaşdırmaq” və “rüşvət almaq” ittihamları ilə həbsi tələb olunub.

***

11:07

Türkiyənin İstanbul Şəhər Bələdiyyəsinin və Türkiyə Bələdiyyələr Birliyinin sədri Əkrəm İmamoğlu həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə martın 23-də İstanbul məhkəməsi qərar çıxarıb.

İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb, biri korrupsiya, digəri terror təşkilatına yardımla əlaqəlidir. Korrupsiya işində məhkəmə İstanbul Baş Prokurorluğunun təqdimatını qəbul edərək, Əkrəm İmamoğlu barəsində həbs qərarı verib.

Məhkəmə terror işində İstanbul Baş Prokurorluğunun Əkrəm İmamoğlu barəsində təqdimatını qəbul etməyib.

Bələdiyyə sədri martın 19-da saxlanılıb. O, 4 gündür İstanbul Şəhər Baş Prokurorluğunda dindirilirdi. Sonda məhkəmə Ə.İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Onun Silivri həbsxanasına aparılacağı bildirilir.

İstanbul Şəhər Bələdiyyəsinin sədri ittihamları rədd edir.

***

09:09

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan terror və korrupsiya istintaqında həbs tələbi ilə məhkəməyə çıxarılan bələdiyyə sədri Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb.

Teleqraf xəbər verir ki, bu məhkəmədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu da iştirak edib.

Təxminən 2 saatlıq dindirilmə zamanı Əkrəm İmamoğlu özünü müdafiə edib.

Hər iki istintaq çərçivəsində bələdiyyə sədri ilə yanaşı, ümumilikdə 89 şübhəli barədə həbs cəzası tələb olunub.

Hazırda qərarın elan olunacağı gözlənilir.

Xatırladaq ki, Əkrəm İmamoğlu və İstanbul Şəhər Bələdiyyəsinin 100-dən çox əməkdaşı terror təşkilatına yardım və korrupsiyada ittiham olunur.