
BAKI, 21 mart. TELEQRAF
İstanbul Baş Prokurorluğunun PKK/KCK terror təşkilatına yardım və korrupsiya ittihamları ilə başlatdığı istintaqda aralarında İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 7 şübhəlidən 4-nün saxlanıldığı, 3 şübhəlinin isə xarici ölkəyə qaçdığı üzə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə “Takvim” qəzeti məlumat yayıb.
Şübhəli Ertan Yıldızın aparılan istintaqdan xəbər tutduğu və “evdə olduğu görüntüsü” yaratmaq üçün mobil telefonunu həyat yoldaşının çantasına qoyaraq ölkədən qaçdığı məlum olub. Polis təqibindən qurtulmaq üçün bu üsula əl atdığı düşünülən Yıldızın qeyri-qanuni yollarla ölkəni tərk etdiyi də müəyyən edilib.
Sosial mediada Ertan Yıldızın hara qaçdığı ilə bağlı müxtəlif iddialar gündəmə gələrkən, İmamoğlunun martın 14-də şəxsi təyyarəsi ilə Trabzona uçması diqqət çəkib.
“Bon Air” təyyarəsinin martın 14-də Əkrəm İmamoğlunu Trabzonda endirdikdən sonra Gürcüstana getməsinin səbəbi müəyyənləşib.
Məsələ ilə bağlı iddialar gündəmə gəldikdən sonra “Bon Air” reysi ilə kimin Batumiyə getdiyi sualları yaranıb. Qeyd olunur ki, təyyarənin uçuş tarixi “Flight Aware” adlı sistemindən çıxarılıb.
Ertan Yıldız və ya başqa bir şübhəlinin “Bon Air” reysi ilə qaçıb-qalmadığı hələlik məlum deyil.
“İmamoğlunun sözçüsü Murat Onqun köməkçisi Emrah Bağdatlını İpsaladan ölkədən çıxararkən, İmamoğlunun da Gürcüstana bir qaçış əməliyyatı keçirdiyi düşünülür. Korrupsiya əməliyyatından sonra yaranan bu vəziyyət “şübhəlilərin ən böyüyü Gürcüstana qaçıb” sualını doğurub”, - nəşr vurğulayır.