
BAKI, 20 mart. TELEQRAF
Türkiyə, Böyük Britaniya və ABŞ-nin silah şirkətləri Avropa İttifaqının (Aİ) 150 milyard avroluq yeni müdafiə maliyyələşdirmə proqramından kənarda qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşr yazır ki, Avropa Komissiyasının təklifinə əsasən, silahlanmaya xərclənməsi planlaşdırılan fond yalnız Aİ-nin müdafiə şirkətləri və ittifaqla müdafiə müqavilələri imzalayan üçüncü ölkələr üçün açıq olacaq.
Həmçinin ABŞ, Britaniya və Türkiyə kimi üçüncü ölkələr təşəbbüsdə iştirak etmək istəsələr, Aİ ilə müdafiə və təhlükəsizlik tərəfdaşlığı sazişi imzalamalıdır.
Belə bir anlaşma üzrə artıq London və Brüssel arasında danışıqlar başlasa da, Aİ və Britaniya arasında balıqçılıq hüquqları və miqrasiya kimi mübahisəli məsələləri də əhatə edən daha geniş saziş tələbi səbəbindən dayandırılıb.
FT əlavə edir ki, Britaniya və Türkiyənin proqramdan çıxarılması bazarlarda istehsalçı və ya təchizatçılarla sıx əlaqələri olan Avropanın böyük müdafiə şirkətləri üçün ciddi başağrısı yaradacaq.