BAKI, 19 mart. TELEQRAF

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu və digər şübhəlilər barəsində irəli sürülən ittihamlardan danışıb.

Teleqraf xəbər verir ki, nazir İmamoğlu və digər şübhəlilərə qarşı iki istintaq prosesinin aparıldığını bildirib.

“İstintaq çərçivəsində şübhəlilərin terror təşkilatına yardım etmək və sığınacaq vermək cinayətini törətmələri barədə iddia var. Başlanmış digər istintaq isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Bu istintaq çərçivəsində İstanbul bələdiyyəsinin sədri (Əkrəm İmamoğlu) də daxil olmaqla, 100 şübhəli haqqında saxlanılma qərarı çıxarılıb. Bu istintaqda şübhəlilərin rüşvət alma, hədə-qorxu ilə tələb etmə, tenderlərin saxtalaşdırılması, fırıldaqçılıq və mənfəət məqsədilə cinayətkar dəstə şəklində şəxsi məlumatların qanunsuz əldə edilməsi cinayətlərini törətdikləri iddia olunur.

Hər iki istintaq çərçivəsində ümumilikdə 106 şübhəli haqqında saxlanılma qərarı var. İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamadan da anlaşıldığı kimi, istintaq materiallarında Maliyyə Cinayətlərinin İstintaqı Qurumunun hesabatları, vergi ekspertizası, depozit hesabatları, şahid ifadələri və digər sübutların olduğu bildirilir. İstintaq bütün istiqamətləri üzrə böyük həssaslıq və incəliklə aparılır”, - Tunç deyib.