
BAKI, 17 mart. TELEQRAF
Böyük Britaniya atəşkəsi qorumaq və Rusiyanın növbəti işğalının qarşısını almaq üçün minlərlə əsgərini uzun illər Ukraynada yerləşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Times” qəzeti məlumat yayıb.
Britaniya hökumətinin rəsmisi nəşrə bildirib ki, qoşunların yerləşdirilməsi qeyri-müəyyən müddət üçün nəzərdə tutulub: “Bu, uzunmüddətli öhdəlik olacaq. Sülh müqaviləsini qorumaq və Rusiyanı çəkindirmək üçün nə qədər lazımdırsa, o qədər yerləşdirə bilərik”.
Həmçinin Britaniya Baş naziri Kir Starmer ictimai çıxışlarında sülhməramlı qüvvələrin hücum halında Rusiya hərbçilərinə atəş açmaq səlahiyyətinin olub-olmayacağını açıqlamaqdan imtina edib.
Starmer, həmçinin açıq şəkildə bildirib ki, Birləşmiş Ştatların təhlükəsizlik zəmanəti olmadan Britaniya Ukraynaya qoşun göndərməyəcək. ABŞ Prezidenti Donald Tramp dəfələrlə belə bir zəmanət verməkdən imtina edib.
“Times” qeyd edir ki, koalisiyasının müdafiə nazirləri sülhməramlı qüvvələrin harada yerləşdirilməli olduğunu müzakirə etmək üçün cümə axşamı Londonda görüşəcəklər. Ümumilikdə Britaniya, Fransa, Türkiyə, Kanada və Avstraliya da daxil olmaqla təxminən 10-dan çox ölkə Ukraynaya 30 minə qədər hərbçi göndərmək planını müzakirə edir. Digər ölkələr silah və maddi-texniki dəstəklə kömək etməyə hazırdır.