BAKI, 20 fevral. TELEQRAF

ABŞ Ukraynaya hərbi yardımı dayandırsa, Avropa bu çatışmazlığı ancaq qismən aradan qaldıra biləcək.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın “Defense Express” hərbi-analitik nəşri yazıb.

Məqalədə qeyd olunub ki, hazırda Ukrayna ordusunun istifadə etdiyi silahların 30 faizdən çoxu ABŞ-dən gəlib. Məsələn, Ukrayna “Bradley” piyada döyüş maşını üçün ehtiyat hissələri və sursatları eksklüziv olaraq amerikalılardan ala bilər.

“Üstəlik, əvəz edilə bilməyən şeylər var. Məsələn, “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin tədarükü yalnız ABŞ-dən mümkündür, çünki bunlar hələ Avropada istehsal olunmur. Ukraynanın ABŞ-dən başqa, NASAMS və F-16-lar üçün raketləri haradan alacağı sualına da cavab yoxdur. Avropada HIMARS raketləri ümumiyyətlə istehsal olunmur”, - nəşr yazır.

Digər şeyləri Avropa qismən kompensasiya edə bilər. Məsələn, 155 mm-lik artilleriya mərmilərini. Avropada lazımi kaset sursatları da yoxdur.

Analitiklər əlavə edirlər ki, Avropada hərbi texnikanın istehsalı yaxşı qurulmuş kimi görünür, amma bu sahədə də ABŞ-dən asılıdırlar. Bu həm zirehli maşınlara, həm də aviasiyaya aiddir.

“ABŞ şərt qoysa ki, ya Avropa Ukrayna üçün silah alacaq, ya da təchizat olmayacaq, bu zaman Avropa ölkələrinin manevr imkanları çox az olacaq”, - məqalədə deyilir.