BAKI, 19 fevral. TELEQRAF

ABŞ Rusiya ilə danışıqlarda həddindən artıq sürətlə və çox uzağa gedir, bu da Ukraynada ədalətli və uzunmüddətli nizamlanmanın əldə olunması imkanlarını şübhə altına alır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ukraynadakı keçmiş səfiri, analitik Stiven Payfer deyib.

“Narahatlığım budur ki, Vaşinqton Moskva ilə çox uzağa gedir. Vaşinqtonun zahiri əməkdaşlıq istəyi rusları oturub Amerikanın güzəştlərini gözləyə biləcəklərinə inanmağa təşviq edəcək. Ruslar artıq keçən həftə Prezident Tramp və Pentaqon rəhbəri Heqsetin Ukraynanın bütün ərazilərini geri qaytara və ya NATO üzvü ola bilməyəcəyi ilə bağlı bəyanatlarını eşidiblər. Həmçinin Tramp Putinlə görüşə razılıq vermək üçün Qərb liderləri ilə əlaqələri kəsir və Rusiyanı G7-yə qayıtmağa çağırır.

Deyəsən, Vaşinqton bunun müqabilində heç nə almır”, - sabiq səfir bildirib.

Payfer əlavə edib ki, Kiyev ABŞ-Rusiya razılaşmalarını qəbul etməsə, nizamlanma mümkün olmayacaq:

“Prezident Zelenski Ukraynanın iştirakı olmadan bununla razılaşmayacağını açıq şəkildə bildirib. Ümid edirəm ki, ABŞ administrasiyası öz yanaşmasını düzəldəcək. İndiyədək gördüklərimizə görə, ədalətli və uzunmüddətli nizamlanmanın əldə olunması mümkün deyil”.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndələri arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.