BAKI, 19 fevral. TELEQRAF

ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynadakı müharibə ilə bağlı danışıqlardan sonra danışan Amerika Prezident Donald Tramp Ukraynanı hədəf alıb.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərə Ukraynanın cavabından “məyus” olduğunu bildirib.

BBC-nin danışıqlara daxil edilməyən ukraynalılara hansı mesajı göndərmək istədiyi sualına ABŞ prezidenti belə cavab verib:

“Eşitdim ki, masa arxasında olmadıqları üçün məyus olublar, əslində ötən üç ildə, hətta əvvəllər də masa arxasında idilər. Bu, çox asanlıqla həll oluna bilərdi”.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl bildirib ki, ölkəsinin sülh danışıqlarına dəvət olunmaması sürpriz olub. Zelenski Ukraynanın iştirak etmədiyi razılaşmaları qəbul etməyəcəyini də açıqlayıb.