
BAKI, 19 fevral. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio avropalı müttəfiqlərinə bildirib ki, Vaşinqton ən azı Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Bloomberg” bildirib.
Rubio avropalı həmkarlarını telefon danışığında əmin edib ki, sanksiyalar vaxtından əvvəl götürülməyəcək.
Nəşr qeyd edir ki, ABŞ-nin bir çox sanksiyaları avropalı müttəfiqlərlə ortaq şəkildə həyata keçirilir. Odur ki, ABŞ-nin məhdudiyyətləri vaxtından əvvəl ləğv etmək qərarı Avropanın Rusiyanı müharibəni maliyyələşdirmək üçün lazım olan puldan məhrum etmək səylərinə ciddi zərbə vuracaq.
“Bloomberg” yazır: “Rubionun sanksiyalarla bağlı vədləri ABŞ-nin Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını yüngülləşdirəcəyindən qorxan Avropanı rahatlaşdıra bilər”.
Həmçinin ABŞ Dövlət Departamentinin Rubionun avropalı müttəfiqləri ilə telefon danışığına dair açıqlamasında sanksiyalardan bəhs edilməyib, amma qeyd edilib ki, ölkələr müharibənin dayandırılması istiqamətində işləmək üçün sıx təmasda olmaq barədə razılaşıblar.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndələri arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.