BAKI, 19 oktyabr. TELEQRAF

İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xocavənd rayonunun yaşayış üçün hazırlanılan kəndlərində qazlaşdırma işləri mərhələli şəkildə həyata keçirilir. Bu çərçivədə Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir.

Kiş kəndində ümumilikdə 16 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 7018 metr xətt çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır.

Güneyçartar kəndində isə yeraltı və yerüstü üsulla, polad və polietilen borulardan istifadə edilməklə ümumilikdə 4 519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda 1388 metrədək xəttin çəkilişi tamamlanıb, ərazidə qazıntı işləri də həyata keçirilib. Kəndə cari ildə 30 ailənin köçürülməsi planlaşdırılır.

Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, 2026-cı il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib.