BAKI, 20 avqust. TELEQRAF

Qırğızıstan vətəndaşları Çinə səyahət üçün yeni imkanlar əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Milli Miqrasiya Administrasiyası məlumat yayıb.

Adi vətəndaşlıq pasportuna malik Qırğızıstan vətəndaşları Pekin və Şanxay hava limanları da daxil olmaqla, 65 açıq sərhəd-keçid məntəqəsi vasitəsilə Çinə vizasız daxil ola biləcəklər. Bunun üçün onların üçüncü ölkəyə və ya regiona səfəri təsdiqlənmiş, tarix və marşrutu göstərilən bileti olmalıdır.

Vizasız səyahət çərçivəsində ölkədə qalma müddəti maksimum 240 saat, yəni 10 gün təşkil edir. Vətəndaşlar bu rejimin şərtlərində nəzərdə tutulan ərazilər daxilində qalmalıdırlar.

Qırğızıstan vətəndaşları üçün həmçinin Haynan əyalətinə 30 günlük vizasız giriş tətbiq edilir. Adi Qırğızıstan pasportu sahibləri açıq sərhəd-keçid məntəqələri vasitəsilə adaya daxil olaraq əyalətin inzibati ərazilərində 30 günədək vizasız qala biləcəklər. Bu, qırğızıstanlılara əvvəlcədən Çin vizası almadan Haynana turizm və biznes məqsədilə səfər etmək imkanı verəcək.