BAKI, 19 avqust. TELEQRAF
“Tayvan sakinləri ada administrasiyasının ABŞ-yə qarşı yaltaq siyasətindən narazıdır”.
Teleqraf xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan İşləri üzrə İdarəsinin rəsmi nümayəndəsi Çju Fenlyan deyib.
“Adanın hakimiyyət orqanları şəxsi siyasi maraqları naminə alçaldıcı şəkildə xarici qüvvələrə boyun əyir, onların və ABŞ-nin qarşısında yaltaqlanır, onları mədh edir və heç bir prinsip və məhdudiyyət olmadan Tayvanı satır və ona zərər vururlar. Bu, Tayvanda sakinlərin getdikcə artan etirazına səbəb olur. Onlar adada Amerika bayrağını görmək istəmir və adalarının qurban olmasını arzulamırlar”, - o, həftəlik brifinqdə bildirib.
Fenlyanın sözlərinə görə, ABŞ hakimiyyəti həmişə “Hər şeydən əvvəl Amerika” prinsipini öndə tutur və ancaq öz maraqlarını güdür: “Amerikalıların gözündə Tayvanın əsl dəyəri “böyük bir ət parçası” və “bankomat”dır”.
Rəsmi nümayəndə əlavə edib ki, Vaşinqton Tayvana “materik Çini cilovlamaq üçün piyada” və “ABŞ-nin maraqlarına xidmət edən alət” kimi baxır.