BAKI, 29 iyul. TELEQRAF
Tatarıstan Respublikası baş nazirinin müavini və Dünya Tatarlar Konqresi Milli Şurasının sədri Vasil Şeyxraziyev iyulun 29-da Türkmənistana işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, səfərin məqsədi Tatarıstan və Türkmənistan arasında regionlararası əməkdaşlığın inkişaf etdirilməsi və mədəni əlaqələrin gücləndirilməsidir.
Səfər çərçivəsində nümayəndə heyəti Aşqabad və Türkmənbaşı şəhərlərinə səfər edəcək. Türkmənistanın paytaxtında Xarici İşlər Nazirliyində görüşlər, eləcə də baş nazirin müavini Bahar Seyidova və mədəniyyət naziri Qurbanmurad Miradaliyevlə danışıqlar planlaşdırılır.
Tərəflər təhsil, turizm, tarixi və mədəni irsin qorunması sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Tatarıstan nümayəndə heyətinin işgüzar səfəri iyulun 31-də başa çatacaq.