BAKI, 19 iyun. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə parlamentinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Departamentinin rəhbəri Kürşad Zorlunu qəbul edib.

Teleqraf xəbər verir ki, görüş Çolpon-Ata şəhərində baş tutub.

Tərəflər Qırğızıstan-Türkiyə strateji tərəfdaşlığının cari məsələlərini, parlamentlərarası əməkdaşlığın inkişafını və siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini üzakirə ediblər.

Sadır Japarov Qırğızıstanın Türkiyə ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm və iki ölkə arasında inkişaf edən dostluq və qardaşlığa yüksək qiymət verdiyini vurğulayıb.

Kürşad Zorlu da qeyd edib ki, son illərdə iki qardaş ölkə arasında əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb, bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradıb.

AKP rəsmisi ticari-iqtisadi münasibətlərin müsbət dinamikasına diqqət çəkərək, təxminən 1,6 milyard dollara çatan qarşılıqlı ticarətin hazırkı həcminin gələcəkdə iki ölkə rəhbərliyinin birgə səyləri sayəsində 5 milyard dollara çatdırıla biləcəyinə əminliyini ifadə edib.