BAKI, 10 iyun. TELEQRAF
“Ermənistan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyi (AİB) arasında təcili seçim etməlidir, bu, artıq aktual məsələdir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
“Ermənistan Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və hökumət üzvlərinin Ermənistanın üzvlüyü məsələsinin ən qısa müddətdə həll edilməli olduğu barədə sözlərini xatırladıb: “Erməni xalqının seçiminə hörmət edirik. Amma bu seçimin də nə olduğunu bilmək istəyirik. Əks halda, Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul edən Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması mümkün olmayacaq. Çünki bu iki birliyin normaları bir-birini istisna edir”.