BAKI, 1 iyun. TELEQRAF
Astanada Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi-Hüquqi Komissiyasının katibi Çen Vensinin sədrliyi ilə təhlükəsizlik məsələləri üzrə Qazaxıstan-Çin məsləhətləşmələri keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Hüquq-mühafizə və xüsusi xidmət orqanlarının rəhbərlərinin iştirak etdiyi iclasda bir sıra aktual məsələlər müzakirə olunub.
Tərəflər beynəlxalq və regional təhlükəsizliyin müxtəlif aspektləri, eləcə də beynəlxalq və regional strukturlar çərçivəsində koordinasiya məsələləri barədə fikir mübadiləsi aparıblar. Trans-sərhəd cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə və separatizmə qarşı mübarizədə birgə səylərin səfərbər edilməsinin zəruriliyi vurğulanıb.
Gizat Nurdauletov və Çen Vensin mövcud çağırış və təhdidlərə qarşı mübarizə və ticari-iqtisadi əməkdaşlığın təşviqi üçün əlverişli şərait yaratmaq məqsədilə təhlükəsizlik sahəsində dialoqun sistemli şəkildə inkişaf etdirilməsinin, iki ölkənin təhlükəsizlik qüvvələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini müzakirə edib.