BAKI, 20 may. TELEQRAF
Beynəlxalq daşımaların inkişafı və daşıyıcılar üçün prosedurların sadələşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron icazə blanklarının mübadiləsi mexanizmi tətbiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, elektron formata keçid kağız blanklardan imtina etməyə və inzibati maneələri azaltmağa imkan verir. Artıq icazələrin rəsmiləşdirilməsi və istifadəsi tərəflərin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəqəmsal formatda həyata keçirilir.
Vurğulanıb ki, Qazaxıstan nəqliyyat sahəsində rəqəmsal qarşılıqlı fəaliyyət coğrafiyasını mərhələli şəkildə genişləndirir. Bundan əvvəl Çin və Özbəkistanın xarici icazə blanklarının rəqəmsallaşdırılması üzrə işlər aparılmışdı. Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron mübadilənin işə salınması isə sahənin rəqəmsal transformasiyasının növbəti mərhələsi olub.
Nazirlik bu mexanizmin genişləndirilməsi və yeni tərəfdaş ölkələrin qoşulması istiqamətində işləri davam etdirəcək.
Verilmiş elektron icazələr barədə bütün məlumatlar, o cümlədən daşıyıcı və nəqliyyat vasitəsinin məlumatları (dövlət qeydiyyat nömrəsi) avtomatik olaraq Azərbaycan, Türkiyə və Qırğızıstanın informasiya sistemlərinə göndərilir.