BAKI, 14 may. TELEQRAF
Qırğızıstan Səhiyyə Nazirliyi hantavirus da daxil olmaqla, təhlükəli infeksiyalarla mübarizə çərçivəsində masaüstü təlim keçirib.
Teleqraf xəbər verir ki, təlimdə beynəlxalq səhiyyə qaydaları çərçivəsində qurumlararası əməkdaşlıq, xəbərdarlıq və təcili məlumatların ötürülməsi alqoritmləri, eləcə də xüsusilə təhlükəli infeksiyaya dair şübhəli hal aşkar edildikdə ictimai səhiyyə xidmətlərinin hərəkətləri sınaqdan keçirilib.
Təlimdə ölkənin müvafiq səhiyyə qurumları iştirak edib.
Səhiyyə təşkilatlarının xəstələrin təcrid edilməsi və xəstəxanaya yerləşdirilməsi üçün hazırlığına, təmasda olan şəxslərlə işinə, biotəhlükəsizlik tədbirlərinə riayət olunmasına, laboratoriya diaqnostikasına, personalın fərdi mühafizə vasitələri ilə təmin olunmasına və ictimaiyyətə vaxtında məlumat verilməsinə xüsusi diqqət yetirilib.
Təlimdən sonra bütün cəlb olunmuş xidmətlərin hərəkətlərinin təhlili aparılacaq, xüsusilə təhlükəli infeksiyalardan qaynaqlanan təhdidlərə qarşı cavab sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər hazırlanacaq.