BAKI, 12 may. TELEQRAF
Sualtı gəmilər üçün nüvə reaktorlarının komponentlərini daşıyan Rusiyanın yük gəmisi 2024-cü il dekabrın 23-də İspaniya sahillərindən təxminən 60 mil məsafədə baş verən partlayışlardan sonra batıb. Olay hələ də beynəlxalq araşdırma mövzusu olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə CNN bildirib.
“Ursa Major”a nə olduğu batdığı vaxtdan bəri sirr içindədir. Amma telekanal bunun NATO ölkələrindən birinin Rusiyanın müttəfiqi Şimali Koreyaya modernləşdirilmiş nüvə texnologiyası göndərməsinin qarşısını almağa yönəlmiş nadir və təhlükəli müdaxiləsi ola biləcəyini iddia edir.
İspaniyalı tədqiqatçıların fikrincə, “Ursa Major” (“Sparta-3” kimi də tanınır) gəminin sağ bortunda üç partlayış səsi eşidildikdən sonra qəza siqnalı göndərib. İki heyət üzvü həlak olub, 14 nəfər təxliyə edilib.
Gəmi partlayışlardan sonra çevrilərək batıb. Hadisə zamanı bölgədə ayrı-ayrı seysmik siqnallar da qeydə alınıb ki, bu da sualtı partlayışlar və ya xüsusi sursatların istifadəsi ilə bağlı iddiaları daha da artırıb.
Gəmini tikən şirkətin materiallarında deyilir ki, gövdədə 50x50 sm ölçüdə bir dəlik tapılıb, zədələnmiş metal içəri doğru əyilib.
İstintaqın ən mübahisəli hissəsi gəminin yükü ilə bağlıdır. İspaniya hakimiyyəti bəyan edib ki, gəmi kapitanı müstəntiqlərin təzyiqi altında sualtı gəmilərdə istifadə edilənlərə bənzər iki nüvə reaktorunun komponentlərinin ola biləcəyini etiraf edib.
İspaniya hökuməti tərəfindən istinad edilən kapitanın ifadəsində deyilir ki, onlarda nüvə yanacağı olmayıb.
İstintaqa görə, gəminin çatmalı olduğu ünvan Şimali Koreyanın Rason limanı olmalı idi, bu da nüvə texnologiyasının Pxenyana mümkün ötürülməsi ehtimalını gücləndirir.
İstintaq həmçinin xarici təsir ehtimalını da araşdırır. İddialardan biri gövdənin xüsusi sursatla zədələnə biləcəyi ilə əlaqəlidir, digər mütəxəssislər isə dəniz minalarına diqqət çəkirlər.
Kəşfiyyatı üzrə analitik Mayk Plankett kaset bombası ehtimalından danışıb.
Hadisədən sonra nüvə izlərini aşkar etmək üçün hazırlanmış ABŞ təyyarələri dəfələrlə ərazi üzərində uçub, bu, mənzərəni daha da mürəkkəbləşdirib.
Gəmi dövlətə bağlı Rusiya şirkətinə məxsus olub. Marşrutu Baltik bölgəsindən Uzaq Şərqə qədər uzansa da, səyahəti Aralıq dənizində faciə ilə başa çatıb.
İspaniya hakimiyyəti yekun nəticəyə gəlməkdən çəkinir, ABŞ və digər ölkələr hadisə ilə bağlı rəsmi şərh verməyiblər.
İspaniyalı deputat Xuan Antonio Rojas Manrike bildirib: “Yəqin artıq qara qutu kiminsə əlinə çatıb. Amma dəqiq kim olduğunu bilmirik”.
Gəminin qalıqları hazırda təxminən 2500 metr dərinlikdədir. Yük və partlayış səbəbləri ilə bağlı əsas suallara hələ də aydınlıq gətirilməyib.